BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin İdarə Heyəti üzvləri müxtəlif təqaüd proqramlarının qalibi olaraq magistratura pilləsi üzrə nüfuzlu xarici universitetlərə qəbul olmuşdurlar.
Belə ki, Sezər Allahverdiyev, İlkin Bayramov və Elvin Kərimli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”, Alsu Kərimova “Swedish Institute Scholarship”, Nigar Alıyeva isə “Lee Foundation Scholarship” qalibləri olmuşdur.
Müxtəlif tədris illərində Cəmiyyətin fəaliyyətinə verdikləri töhfələrə görə hər bir üzvə təşəkkür edir, gələcək akademik və peşəkar fəaliyyətlərində uğurlar arzulayırıq!
Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə “Akademik hüquqi yazı: məqalə necə yazılmalıdır?” mövzusunda təlim keçirilmişdir.
Təlim Tələbə Elmi Cəmiyyətinin sədri və BDU Tələbə Hüquq Jurnalının nəşri olan Akademik hüquqi yazı kitabçasının həmmüəllifi Sezər Allahverdiyev tərəfindən keçirilmişdir.
Təlim çərçivəsində Femida könüllülərinə akademik hüquqi araşdırmanın əsasları, araşdırma prosesinin səmərəli təşkili, hüquqi məqalənin strukturu və yazı prosesi barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, Jurnalın sahə üzrə formalaşmış təcrübəsi iştirakçılarla bölüşülmüşdür.
7 aprel 2026-cı il tarixində Hüquq və İnsan Haqları İnstitutu tərəfindən “H-indeksinin yüksəldilməsi üsulları və akademik hüquqi yazının əsasları” mövzusunda məlumat sessiyası təşkil olunmuşdur. Sessiyada akademik hüquqi yazının əsas xüsusiyyətləri və mərhələləri, eləcə də h-indeksinin hesablanma mexanizmi və bu göstəricinin elmi fəaliyyətin qiymətləndirilməsindəki rolu barədə ətraflı məlumat verilmişdir.
Sessiyanın davamında BDU Tələbə Hüquq Jurnalının Baş Redaktoru Xədicə Abbasova çıxış etmiş və Jurnalın nəşri olan Akademik hüquqi yazı kitabçası barədə məlumat vermişdir. Çıxış zamanı akademik hüquqi yazı prosesində tədqiqatçılar üçün bələdçi rolunu oynayan kitabçanın strukturu, əhatə dairəsi və praktiki əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılmışdır.
Qeyd edək ki, kitabça hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsi, Konstitusiya Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının kitabxanaları da daxil olmaqla, ölkənin müxtəlif kitabxanalarında əlçatandır.
Məmnuniyyətlə bildirmək istərdik ki, Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti Azərbaycan Arbitraj Günlərinin tərəfdaşlarından biridir!
Azərbaycan Arbitraj Assosiasiyası və Bakı Arbitraj Mərkəzi tərəfindən təşkil olunan bu tədbir 24-25 oktyabr tarixlərində “Marriott Boulevard Hotel”də baş tutmuşdur.
Xatırladaq ki, 14 iyun 2023-cü il tarixində Parisdə keçirilmiş ilk Azərbaycan Arbitraj Günlərində BDU Tələbə Hüquq Jurnalı, eləcə də ötən il ölkəmizdə baş tutmuş Azərbaycan Arbitraj Günlərində Tələbə Elmi Cəmiyyəti tədbirin tərəfdaşlarından biri qismində çıxış etmişdir.
Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti olaraq Azərbaycan Arbitraj Günlərini dəstəkləməkdən qürur duyuruq!
10 oktyabr 2025-ci il tarixində, saat 13:50-də 900 saylı auditoriyada Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təqdimat mərasimi baş tutmuşdur.
Təqdimatda:
Tələbə Elmi Cəmiyyəti layihələri;
-Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi;
-Hüquq Müzakirə Forumu;
-Məhkəmə Müsabiqə Cəmiyyəti;
-Tələbələrin əldə edə biləcəyi akademik hüquqi bacarıqlar və təcrübələr;
-BDU Hüquq Fakültəsi Tələbə Elmi Cəmiyyətinin İdarə Heyətinə namizədlik haqqında məlumat verilmişdir.
Hər birinizi Tələbə Elmi Cəmiyyətinin təqdimat mərasimində aramızda görməkdən şad olarıq!