Layihələr

BDU Tələbə Hüquq Jurnalı

BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin nəşri olmaqla tələbələr tərəfindən təşkil olunan və müvafiq akademik yoxlama qaydası ilə redaktə edilən ilk və tək jurnal olub milli və müqayisəli hüquqda mövcud olan müasir hüquq problemlərinə akademik səviyyədə peşəkar yanaşmanı təbliğ edir. Jurnalın əsası 2014-cü ilin noyabr ayında qoyulub. Hüquq tələbələrinin hüquqi yazı və hüquqi düşüncə bacarıqlarını üzə çıxararaq inkişaf etdirməklə onları akademik araşdırmaya həvəsləndirmək və bunu sağlam elmi rəqabət ənənəsinə çevirmək Jurnalın daimi məramını təşkil edir.Jurnal dünyanın ən böyük hüquqi araşdırma məlumat bazası olan HeinOnline və Scopus-a daxil edilmişdir.

Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi

2015-ci ildən fəaliyyət göstərən Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi akademik hüquqi araşdırma aparmaq və hüquqi yazı bacarıqlarını inkişaf etdirmək istəyən araşdırmaçılar üçün uyğun akademik mühit yaradır. Layihə bu məqsədlə “Call for Rough Drafts” və Namizədlik istiqamətləri üzrə qeydiyyat həyata keçirir. Hər iki istiqamət çərçivəsində iştirakçılar müvafiq hüquq sahələri üzrə ixtisaslaşmış hüquqşünasların dəstəyi, aparılan mərhələli redaktə prosesi vasitəsilə məqalələrini akademik hüquqi yazı standartlarına uyğunlaşdırmaq imkanı əldə edirlər. Layihə çərçivəsində həmçinin akademik hüquqi araşdırma və yazı mövzularında təlimlər də həyata keçirilir. Nəticədə hazırlanan məqalələr “HeinOnline” və “Scopus” kimi beynəlxalq databazalarda indekslənən Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalında dərc olunmaq imkanı qazanır.

Məhkəmə Müsabiqə Cəmiyyəti

2014-cü ildən fəaliyyət göstərən Məhkəmə Müsabiqə Cəmiyyəti hüquq tələbələrinə məhkəmə, arbitraj və mediasiya proseslərinə bənzər mühitlərdə çıxış etmək, eləcə də danışıqlar aparmaq və müqavilə tərtib etmək bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Cəmiyyət bu məqsədlə beynəlxalq təcrübəyə uyğun olaraq təşkil olunan Topçubaşov Məhkəmə Müsabiqəsi, Xasməmmədov Arbitraj Müsabiqəsi, Xoyski Mediasiya Müsabiqəsi və Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsini həyata keçirir. Müsabiqələr çərçivəsində komanda iştirakçıları üçün çıxış bacarıqlarından strateji hazırlığa, etik məsələlərdən məntiqi arqumentlərin qurulmasına qədər geniş spektri əhatə edən təlimlər keçirilir.

Hüquq Müzakirə Forumu

Hüquq Müzakirə Forumları tədris ili ərzində mütəmadi olaraq müxtəlif hüquqi və aktual mövzular üzrə müzakirələrin təşkilini həyata keçirir. Keçirilmiş forumların xülasələri, eləcə də müzakirələr zamanı səsləndirilən sual və cavablar layihənin internet və sosial şəbəkə səhifələrində paylaşılaraq daha geniş auditoriyaya təqdim olunur. Bununla yanaşı, fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsi məqsədilə yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıqların qurulması və birgə təşəbbüslərin həyata keçirilməsi də layihənin əsas prioritetlərindən biridir.